Azərbaycanın əlverişli coğrafi mövqeyi, inkişaf etdirilən nəqliyyat infrastrukturu və beynəlxalq nəqliyyat dəhlizlərində iştirakı ölkəmizin regional və qlobal logistika sistemində rolunu getdikcə artırır. Bu gün Şərq-Qərb və Şimal-Cənub istiqamətləri üzrə formalaşan nəqliyyat marşrutlarının Azərbaycan ərazisindən keçməsi bir çox ölkələr üçün mühüm iqtisadi və strateji əhəmiyyət daşıyır.
Denizxeber.az bildirir ki, bunu AZƏRTAC-a açıqlamasında nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev bildirib.
Ekspert qeyd edib ki, hazırda Çin, Avropa ölkələri, Türkiyə, Rusiya, İran və Mərkəzi Asiya dövlətləri Azərbaycan üzərindən keçən nəqliyyat bağlantılarına xüsusi maraq göstərirlər.
“Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi, Orta Dəhliz və Zəngəzur istiqamətində nəzərdə tutulan bağlantılar regionda yükdaşımaların şaxələndirilməsi baxımından yeni imkanlar yaradır. Bu marşrutlar vasitəsilə Rusiyadan Türkiyəyə, Mərkəzi Asiyadan Qara dəniz limanlarına, eləcə də Asiyadan Avropaya yükdaşımaların təşkili üçün müxtəlif alternativlər formalaşır. İranın da öz ərazisindən keçən marşrutları Qara dəniz limanları ilə əlaqələndirmək marağı bu nəqliyyat şəbəkəsinin əhəmiyyətini artırır. Nəqliyyat dəhlizlərinin əhəmiyyətini yalnız daşınan yüklərin ümumi həcmi ilə qiymətləndirmək düzgün olmazdı. Bəzi marşrutlarda yük həcmi ənənəvi yollarla müqayisədə az olsa da, ayrı-ayrı məhsulların və strateji əhəmiyyətli yüklərin vaxtında təyinat məntəqəsinə çatdırılması baxımından həmin istiqamətlər mühüm rol oynayır”, – deyə ekspert vurğulayıb.
R.Ağamirzəyevin sözlərinə görə, Azərbaycanın əsas üstünlüklərindən biri multimodal nəqliyyat imkanlarına malik olmasıdır: “Ölkəmizdə dəmir yolu, avtomobil yolları, dəniz limanı və yükdaşıma donanması ilə yanaşı, hava nəqliyyatı infrastrukturu da inkişaf etdirilir. Bu nəqliyyat növlərinin qarşılıqlı əlaqələndirilməsi yüklərin daha çevik daşınmasına, logistika zəncirinin optimallaşdırılmasına və əlavə dəyərin yaradılmasına imkan verir. Azərbaycan Xəzər dənizi vasitəsilə Mərkəzi Asiya ölkələrinin dünya bazarlarına çıxışında mühüm bağlantı rolunu oynayır. Xəzər üzərindən Qara dəniz və Aralıq dənizi hövzələrinə çıxış imkanları, enerji resurslarının beynəlxalq bazarlara çatdırılması, eləcə də dəmir və avtomobil yollarının inkişafı ölkəmizin regional iqtisadi sistemdəki mövqeyini gücləndirir”.
Ekspert əlavə edib ki, son illərdə Azərbaycanın nəqliyyat infrastrukturunun yenilənməsi və şaxələndirilməsi istiqamətində həyata keçirilən layihələr ölkənin tranzit imkanlarını genişləndirir. Dəmir yollarının modernləşdirilməsi, liman və logistika infrastrukturunun inkişafı, yeni nəqliyyat bağlantılarının yaradılması Azərbaycanın yalnız tranzit ölkə deyil, həm də yüklərin saxlanılması, emalı və yenidən bölüşdürülməsi üzrə mühüm mərkəz kimi formalaşmasına şərait yaradır.
O qeyd edib ki, əlverişli coğrafi mövqe özlüyündə iqtisadi üstünlük yaratmır. Bu üstünlüyün reallaşması üçün müxtəlif nəqliyyat növlərini birləşdirən müasir və şaxələndirilmiş infrastrukturun mövcudluğu vacibdir. Azərbaycan həyata keçirdiyi layihələrlə coğrafi mövqeyini iqtisadi fürsətə çevirir.
Rauf Ağamirzəyev vurğulayıb ki, Azərbaycan bu prosesdə həm özü iqtisadi dividendlər əldə edir, həm də digər ölkələrin beynəlxalq ticarət əlaqələrinin genişlənməsinə töhfə verir.





