Malayziyanın Perak ştatında neft tankeri Taman Esplanade Marina Vİnq ərazisində sahil mühafizə divarına çırpılıb. Polis hadisənin icazəsiz dəniz sınağı zamanı baş verdiyini ehtimal edir.
Denizxeber.az bildirir ki, Malayziya Kral Polisinin, Malayziya Dəniz Hüquq-Mühafizə Agentliyinin və digər qurumların birgə araşdırması zamanı tankerdə 10 Tailand vətəndaşının olduğu müəyyən edilib. Heyət üzvlərindən heç biri xəsarət almayıb.
Manjunq rayon polisinin rəisi bildirib ki, ilkin araşdırmaya əsasən, tanker həmin axşam icazə almadan dəniz sınaqlarına çıxıb. Toqquşma nəticəsində gəminin burnu sahil divarının yanındakı qayalıqlara sıxılıb, həmçinin piyada səkisinin bir hissəsinə və yaxınlıqdakı ictimai infrastruktura ziyan dəyib.
Polisin məlumatına görə, tanker əvvəllər “Fuji” adı ilə qeydiyyatda olub. Mülkiyyətçinin dəyişdiyi ehtimal edilir. Hazırda gəmi Tailandda “Midas” adı ilə qeydiyyatdadır.
Hadisənin səbəbləri, gəminin qeydiyyat sənədləri və istismar icazələri araşdırılır. Toqquşma zamanı boş olan tankerin heyət üzvləri saxlanılmayıb. Araşdırmanın nəticəsindən asılı olaraq gəmi və dənizçilərlə bağlı müvafiq tədbirlər görüləcək.
Malayziyanın Dənizçilik Departamenti suyun dayaz olması səbəbindən tankerin yedəklənərək açıq dənizə çıxarılmasını və suyun səviyyəsi qalxdıqdan sonra lövbərə qoyulmasını planlaşdırır.





