İtaliyanın Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlı bölməsinin (Comsubin) hərbi qulluqçuları bir neçə həftə ərzində Spetsiya şəhəri yaxınlığındakı Varinyano bazasında ukraynalı döyüş üzgüçülərinin qapalı hazırlığını keçirirlər.
Denizxeber.az bildirir ki, bu barədə fransız “Intelligence Online” portalı mənbələrə istinadən xəbər verib.
Nəşr qeyd edir ki, təlimi Ukraynanın Milli Qvardiyasının “Omeqa” xüsusi təyinatlı dəstəsinin döyüşçüləri və Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin 73-cü dəniz xüsusi əməliyyatlar mərkəzinin əsgərləri keçir. Hər iki ölkənin hakimiyyət orqanları ukraynalı sualtı diversantların bilavasitə İtaliya ərazisində hazırlanması üzrə ilk təşəbbüs olan bu proqramı rəsmi şəkildə elan etməyiblər.
Kurs qapalı dövrlü tənəffüs aparatlarının və düşmən ərazisinə gizli nüfuz etmək üçün zəruri olan dərinlik dalışlarının mənimsənilməsini əhatə edir. Ayrıca tədris modulu liman akvatoriyalarında diversiya əməliyyatlarının aparılmasına həsr olunub.
2024-cü ilin fevralında Roma və Kiyev təhlükəsizlik sahəsində ikitərəfli saziş imzalayıb ki, bu saziş Milli Qvardiyanın döyüşçüləri də daxil olmaqla, ukraynalı hərbçilərin ixtisaslaşdırılmış təlimini nəzərdə tutur.





