Denizxeber.az bildirir ki, Bakı Gəmiqayırma Zavodunda gəminin hərəkətverici sisteminin təmiri davam edir. Bu sistemin əsas komponentlərindən biri də gəminin suda hərəkətini təmin edən pərlərdir.
Gəmi pərləri necə işləyir?
Mühərrikdən ötürülən fırlanma hərəkəti pərlərin qanadları vasitəsilə suda itələmə qüvvəsi yaradır. Qanadların iki tərəfində yaranan təzyiq fərqi su axınını istiqamətləndirərək gəminin hərəkətini təmin edir. Beləliklə, pərlər mühərrikin gücünü gəminin hərəkətinə çevirən mühüm hissə rolunu oynayır.
Pərlərin qanadlarının forması və səthinin hamarlığı onun səmərəli işləməsində mühüm əhəmiyyət daşıyır. İstismar zamanı səthdə yaranan nahamarlıqlar və qanad kənarlarındakı zədələr iş səmərəliliyini azalda, yanacaq sərfiyyatını artıra bilər. Buna görə də pərlərin texniki vəziyyətinin yoxlanılması və aşkar edilən qüsurların vaxtında aradan qaldırılması gəminin səmərəli istismarına xidmət edir.
Bu komponentlər üzərində aparılan işlər dəqiqlik və peşəkar yanaşma tələb edir. Hər mərhələdə texniki tələblərə və təhlükəsizlik qaydalarına riayət olunması gəminin etibarlı istismarına yönələn işlərin ayrılmaz hissəsidir.





