Özbəkistanın şimal-qərbində yerləşən Qaraqalpaqıstana 2027-ci ildə yatırılacaq investisiyanın həcmi 2 dəfə artırılaraq 5 milyard dollara çatdırılır. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin imzaladığı qərara əsasən, regiondan ixracın həcminin isə 550 milyon dollara yüksəldilməsi hədəflənir.
Denizxeber.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, 2027-ci ildə region iqtisadiyyatının 8 faiz, sənaye istehsalının 7 faiz, xidmət sektorunun 17 faiz, kənd təsərrüfatının 5 faiz, tikinti sektorunun isə 13 faiz artacağı proqnozlaşdırılır.
Bundan əlavə, aşağı gəlirli 125 min ailədə yaşayan 513 min nəfərin daha yüksək gəlir gətirən işlərlə təmin edilməsi planlaşdırılır.
Qərara əsasən, Qaraqalpaqıstanın paytaxtı Nukus şəhərində 270 hektar ərazidə 50 min nəfərin yaşaması üçün nəzərdə tutulan “Nukus City” adlı yeni yaşayış məntəqəsinin salınması da planlaşdırılır.
Enerjiyə qənaət edən yaşayış binaları, biznes mərkəzləri, hotellər, parklar və sosial obyektlərin inşa ediləcəyi layihədə “ağıllı şəhər” texnologiyalarından istifadə nəzərdə tutulur. Bundan əlavə, Nukusda 20 mərtəbəli müasir biznes mərkəzinin tikilməsi planlaşdırılır.
Həmçinin bölgədə rəqəmsal iqtisadiyyatda payının artırılması da hədəflərdən biri kimi müəyyən edilib. Qaraqalpaqıstanın mərkəzi Nukus şəhərində və ətrafındakı üç rayonda bulud texnologiyaları və süni intellekt sahələrinə investisiyaların, eləcə də xidmət ixracının 2030-cu ilədək 600 milyon dollara çatdırılması nəzərdə tutulur. Bununla yanaşı, 20 min gəncin informasiya texnologiyaları və logistika sahələrində təlimlərə cəlb edilməsi, yeni müəssisələrin yaradılması və məşğulluq imkanlarının genişləndirilməsi planlaşdırılır.
Aral dənizindəki ekoloji fəlakət gəlincə, vaxtilə dünyanın ən böyük göllərindən biri olan Aral dənizinin xeyli quruması Qaraqalpaqıstanda ciddi ekoloji, iqtisadi və sosial problemlərə səbəb olub.
Dənizin qurumuş dibindən külək vasitəsilə ətrafa yayılan duzlu və zərərli tozlar yerli əhalinin sağlamlığına, kənd təsərrüfatı istehsalına və təbii ekosistemlərə mənfi təsir göstərir. Su qıtlığı və səhralaşma da regionun əsas problemləri sırasındadır.
Yeni qərara əsasən, 2027-ci il aprelin 1-dən etibarən Aral regionunda 50 min hektar ərazidə mərhələli şəkildə ağacəkmə və meşəsalma işlərinə başlanılacaq. Layihə çərçivəsində Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Böyük Britaniya və Avstraliya kimi ölkələrdən tərəfdaşların layihəyə cəlb edilməsi hədəflənir.
Bundan başqa, 2030-cu ilin sonunadək 100 min hektar otlaq sahəsinin səhra şəraitinə davamlı bitkilərin toxumlarının pilotsuz uçuş aparatları vasitəsilə səpilməsi yolu ilə bərpası planlaşdırılır.
Kənd təsərrüfatı istehsalını artırmaq məqsədilə səhra ərazilərində 20 min hektar sahədə yem bitkilərinin becərilməsi, Bozatau rayonunda isə 7 min 500 hektar torpaq sahəsinin kənd təsərrüfatı dövriyyəsinə qaytarılması nəzərdə tutulur. Bu layihələr üçün 2027-ci ildə 8 milyon dollar vəsait ayrılması planlaşdırılır.





