Heydər Əliyevin 103 illiyi beynəlxalq konfransla qeyd olunub

105

ASCO-nun Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Su nəqliyyatının problemləri” mövzusunda XXI Beynəlxalq elmi-texniki konfrans keçirilib.

Tədbir Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda şəhid olmuş şəxslərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, eləcə də Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

ADDA-nın rektoru vəzifəsini icra edən Eldar Qocayev çıxışında Azərbaycanda dənizçilik sahəsinin inkişafının Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu bildirib. O qeyd edib ki, Ulu Öndərin rəhbərliyi dövründə dəniz nəqliyyatı infrastrukturunun inkişafı, milli kadr potensialının formalaşdırılması və dənizçilik təhsilinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində mühüm addımlar atılıb.

Eldar Qocayev həmçinin beynəlxalq elmi-texniki konfransların elm, təhsil və istehsalat arasında əməkdaşlığın gücləndirilməsi, elmi nəticələrin praktik tətbiqi və beynəlxalq təcrübə mübadiləsinin genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Daha sonra Azərbaycan Texniki Universitetinin “Maşınqayırma texnologiyası” kafedrasının müdiri, Əməkdar mühəndis, texnika elmləri doktoru, professor Nizami Yusubov müasir dövrdə su nəqliyyatı sahəsinin inkişafında elmi yeniliklərin və yüksək ixtisaslı kadr hazırlığının vacibliyindən bəhs edib.

Azərbaycanla yanaşı Türkiyə, ABŞ, Rusiya və Ukraynadan olan alim və mütəxəssislərin iştirak etdiyi konfransda gəmiqayırma, gəmiçilik texnikası, su nəqliyyatının istismarı, təbiət elmləri, hüquq və humanitar sahələr üzrə bir sıra məruzələr dinlənilib.

ADDA.