“Deep Current” şirkətinin hazırladığı son hesabat illərdir davam edən rəqəmsallaşma investisiyalarına baxmayaraq, yükdaşıma əməliyyatlarının hələ də ciddi şəkildə əl əməyindən asılı qaldığını üzə çıxarıb.
Tədqiqata əsasən, logistika operatorlarının 52%-i eyni məlumatları müxtəlif sistemlərə təkrarən daxil edir, 49%-i isə bir iş prosesini tamamlamaq üçün beş və ya daha çox platforma arasında keçid etməli olur.
Hesabatda vurğulanır ki, süni intellekt (AI) təşəbbüslərinin çoxu bu texnologiyanın birbaşa iş proseslərinə inteqrasiya olunmaması səbəbindən uğursuzluğa düçar olur. Hazırda logistika komandalarının 61%-i operativ kommunikasiya üçün hələ də elektron poçt və cədvəllərə (Excel) güvənir, daxili əməliyyatların isə yalnız 29%-i tam rəqəmsallaşdırılıb. Sənədləşmədəki xətalar səbəbindən yüklərin 57%-də gecikmələr yaşanır.
“Deep Current” rəsmisi Tamim Fannuşun sözlərinə görə, əsas problem görünürlük deyil, məlumatların sistemlər arasında əlaqəsizliyidir. Şirkətlər gecikmələri real vaxtda müəyyən edə bilsələr də, məlumatların ötürülməsi və yoxlanılması prosesini yenə də insanlar əllə icra edir ki, bu da “darboğaz” yaradaraq işin sürətini azaldır.
Şirkət rəqəmsal inkişaf üçün süni intellektin birbaşa gündəlik əməliyyatlara daxil edilməsini və insan-AI tərəfdaşlığının gücləndirilməsini vacib hesab edir.
Seanews.az





