Somali piratları yenidən hücuma keçdi

149

Somali sahillərində pirat fəaliyyətinin kəskin artması dənizçilik təhlükəsizliyi ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib. Dəniz quldurları Somali sahilləri yaxınlığında növbəti dau gəmisini ələ keçiriblər.

Bu barədə Avropa İttifaqının Hind Okeanı Dəniz Təhlükəsizliyi Mərkəzi (MSCIO) məlumat yayıb. Bildirilir ki, Somalinin Kismayo limanına doğru hərəkət edən gəmi mayın 9-da qaçırılıb və hazırda  cənub sahilləri yaxınlığındadır. “Atalanta” təhlükəsizlik əməliyyatı araşdırma üçün əraziyə qüvvələr cəlb edib.

Gəminin qaçırılması MSCIO-nun regionda başqa bir pirat qrupunun hücumlara başlamağa hazırlaşdığı barədə xəbərdarlıq etməsindən cəmi bir neçə saat sonra baş verib. Piratlar bu cür kiçik qayıqları ələ keçirməklə onlardan ticarət gəmilərinə hücumda “ana gəmi” kimi istifadə edirlər. Kiçik qayıqlar onlara regional dəniz hərəkətliliyinə qarışaraq gizlənməyə imkan verir.

MSCIO və “Atalanta” bir daha bütün gəmiləri, xüsusilə Somali sahillərindən 150 dəniz mili məsafədə, Moqadişu ilə Hafun arasındakı ərazidə üzən nəqliyyat vasitələrini təhlükəsizlik tədbirlərini artırmağa çağırıb. Gəmilərə bu regiondan və sahillərdən uzaq durmaq tövsiyə olunur.

Mütəxəssislərin rəyinə görə, bölgədəki yanacaq qıtlığı və kəskin qiymət artımı piratları əsasən tankerləri hədəf almağa sövq edir. Hazırda bir neçə ticarət gəmisinin, o cümlədən Toqo bayrağı altında üzən “Eureka” tankerinin Somali sahillərində girov saxlanıldığı təsdiqlənib.

Seanews.az