La-Manşda qalmaqal: ekipaja irqçilik ittihamı

54

La-Manş boğazında miqrantların xilas edilməsi əməliyyatlarında iştirak edən “Ridens” gəmisinin ekipaj üzvləri ilə bağlı irqçi davranış və nifrət xarakterli ifadələr işlədilməsi iddiaları üzrə Fransada ilkin istintaq başladılıb.

Fransa dövləti tərəfindən miqrantlara yardım məqsədilə icarəyə götürülən gəmidə çalışan bəzi dənizçilərin miqrantlara qarşı qeyri-etik davranış nümayiş etdirdiyi və irqçi ifadələr işlətdiyi iddia olunur.

Şahid ifadələrində ekipaj üzvlərinə aid olduğu bildirilən “çirkli irqlər”, “bu ərəblərin hamısından nifrət edirəm” və “hamısını alovsaçanla yandırmaq lazımdır” kimi ağır ifadələrin səsləndirildiyi qeyd olunub.

La-Manş və Şimal dənizi Dəniz Prefekturası hadisə ilə bağlı məlumatlandırıldığını təsdiqləyərək məsələni hüquq-mühafizə orqanlarına yönləndirib.

Dunkerk Prokurorluğu tərəfindən “mənşəyə görə ictimai təhqir” və “başqalarının həyatını təhlükəyə atma” maddələri ilə istintaq başladıldığı açıqlanıb.

Gəmini idarə edən şirkət isə daxili araşdırmanın aparıldığını və bir neçə əməkdaşın vəzifədən uzaqlaşdırıldığını bildirib. Məlumata görə, azı dörd dənizçi, o cümlədən bir kapitan artıq gəmidən kənarlaşdırılıb.