Yaponiya Yaxın Şərqdə gərginliyin artmasından sonra ilk dəfə Azərbaycandan neft partiyası qəbul edəcək.
Azərbaycan nefti daşıyan tankerin çərşənbə axşamı Yokohama limanına çatacağı gözlənilir. Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin məlumatına görə, yük ölkənin ən böyük enerji şirkətlərindən biri olan “Eneos” üçün nəzərdə tutulub.
Nazirliyin böhranın idarə edilməsi üzrə baş direktorunun müavini Narumi Hosokavanın sözlərinə görə, bu, Yaxın Şərqdə münaqişə başlayandan bəri Azərbaycandan Yaponiyaya həyata keçirilən ilk neft tədarüküdür.
Fevralın sonunda ABŞ və İsrailin İran əleyhinə hərbi kampaniyasına qədər Yaponiyanın neft idxalının təxminən 95 faizi Yaxın Şərq ölkələrinin payına düşürdü. Hörmüz boğazında yaranan gərginlik və blokada riski Tokionu alternativ enerji mənbələri axtarmağa vadar edib.
Yaponiya neft emalı zavodları ənənəvi olaraq Yaxın Şərq neftinin emalına uyğunlaşdırılıb. Bununla belə, ölkə artıq idxalın şaxələndirilməsi istiqamətində addımlar atır.
Azərbaycanla yanaşı, Yaponiya ABŞ-dən neft idxalını artırıb, həmçinin sanksiya istisnası tətbiq edilən Rusiyanın “Saxalin-2” layihəsindən xammal almağa davam edir.
Yaponiya 2022-ci ildə Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Rusiya neftinin idxalını faktiki olaraq dayandırmış və Moskvaya qarşı tətbiq edilən sanksiyalara qoşulmuşdu.
Yaxın Şərqdən tədarükdə yaranan riskləri kompensasiya etmək məqsədilə Tokio strateji neft ehtiyatlarından da istifadə etməyə başlayıb. Son məlumatlara əsasən, Yaponiyanın neft ehtiyatları ölkənin daxili istehlakını təxminən 205 gün təmin edə biləcək həcmdədir.





