Dənizçilik sektorunda sərtləşən ekoloji tələblərə uyğunlaşmanı asanlaşdırmaq məqsədilə gəmiçilik tullantılarının monitorinqi və hesabatlılığı üçün yeni rəqəmsal platforma istifadəyə veriləcək.
Platforma Finlandiyanın “Awake.AI” və Niderlandın “Tidalis” şirkətlərinin texnoloji əməkdaşlığı nəticəsində hazırlanıb.
Yeni sistem liman əməliyyatları və gəmi hərəkəti zamanı formalaşan məlumatları avtomatik şəkildə emal edərək onları “FuelEU Maritime” və Avropa İttifaqının Emissiya Ticarət Sistemi (ETS) kimi beynəlxalq ekoloji tələblərə uyğun hesabatlara çevirir.
Texnologiya gəmilərin limana yan alması, yük əməliyyatları, yanacaq doldurulması və sahil enerjisindən istifadə kimi proseslər üzrə real vaxt məlumatlarını təhlil edərək “Scope 1-3” səviyyəsində emissiya hesabatları formalaşdırır.
Platformanın əsas üstünlüklərindən biri dənizçilik sektorunda yaranan iri həcmli əməliyyat məlumatlarını ölçülə bilən və audit edilə bilən “emissiya kəşfiyyatı”na çevirməsidir. Bu isə şirkətlərə dekarbonizasiya strategiyaları üzrə qərarların daha operativ qəbul edilməsinə imkan yaradır.
İnnovativ platformanın tətbiqinə cari ilin sonundan etibarən Avropa limanlarında başlanılacaq. Daha sonra sistemin Asiya-Sakit okean regionu, Yaxın Şərq və Amerika bazarlarına da çıxarılması planlaşdırılır.
Seanews.az





