Dənizin gizlətdiyi gəmi üzə çıxdı

168

Rusiyanın Sakit Okean Donanmasının (SOD) axtarış ekspedisiyası Böyük Pyotr körfəzinin sularında ötən əsrin əvvəllərində batmış gəmini aşkar edib.

“Böyük Pyotr körfəzinin akvatoriyasının tədqiq olunması nəticəsində Sakit Okean Donanmasının qüvvələri dəniz dibində yerləşən bir gəmini aşkar edib. İlkin məlumatlara görə, bu, 1906-cı ildə Vladivostoka yaxınlaşarkən mina partlaması nəticəsində zədələnərək batmış “Knyaz Qorçakov” paroxodudur”, – məlumatda bildirilib.

Arxiv sənədlərinə əsasən, “Knyaz Qorçakov” Odessa–Vladivostok marşrutu üzrə hərəkət edib və Rusiya–Yaponiya müharibəsi (1904–1905) dövründə yaponlar tərəfindən yerləşdirilən dəniz minasına düşərək zədələnib.

Partlayış nəticəsində gəminin burun hissəsinə ciddi ziyan dəyib. Heyətin gəmini xilas etmək cəhdləri nəticə verməyib və paroxod batıb. Bildirilir ki, bütün heyət üzvləri qayıqlarla təxliyə olunmağa müvəffəq olublar.