Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) dənizçilik sahəsində müasir innovasiyaların, ekoloji təmiz texnologiyaların və elmi tədqiqatların təşviqi istiqamətində fəaliyyətlər davam etdirilir. 15 may 2026-cı il tarixində keçirilən elmi seminar alternativ və bərpa olunan enerji mənbələrinin gəmiçilikdə tətbiqi mövzusuna həsr olunub.
Tədbirdə Akademiyanın professor-müəllim heyəti, doktorant və magistrantlarla yanaşı, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti və Energetika İnstitutunun nümayəndələri də iştirak ediblər.
Seminarda “Gəmi elektroavtomatikası” kafedrasının doktorantı Kənan Şəhrud oğlu Hüseynov “Bərpa olunan enerji mənbələri əsasında gəmi elektrik təchizat sisteminin effektivliyinin artırılması imkanları” mövzusunda geniş məruzə ilə çıxış edib.
Qlobal dənizçilikdə ətraf mühitin qorunması və ənənəvi yanacaqlardan asılılığın azaldılması istiqamətində aparılan tədbirlər fonunda təqdim olunan mövzu iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Seminarda gəmilərdə alternativ və bərpa olunan enerji mənbələrinin (külək, günəş və s.) tətbiqi, gəmi elektrik təchizat sistemlərinin səmərəliliyinin artırılması və bu sahədə beynəlxalq təcrübə ilə bağlı geniş elmi müzakirələr aparılıb.
Tədbir mövzu ətrafında fikir mübadiləsi və sualların cavablandırılması ilə yekunlaşıb.
ADDA#









