Müharibənin əsas qazananları

70

Yaxın Şərqdə baş verən hərbi əməliyyatların fonunda ən böyük iqtisadi faydanı Rusiya və ABŞ əldə edib.

Bu barədə “The New York Times” məlumat yayıb.

Nəşr qeyd edir ki, Hörmüz boğazı üzərindən həyata keçirilən enerji daşımalarından asılı olan Qətər, Küveyt və İraq yaranmış vəziyyətdən ən çox zərər çəkən ölkələr sırasında yer alıb.

Mənbənin məlumatına görə, strateji marşrutlardan biri hesab olunan Hörmüz boğazında yaranan gərginlik qlobal bazarda neft və yanacaq qiymətlərinin kəskin artmasına səbəb olub.

Birləşmiş Ştatlar bu şəraitdə enerji resursları, dizel və neft ixracını artıraraq əlavə gəlir əldə edib. “The New York Times”ın hesablamalarına əsasən, ABŞ-nin dəniz yolu ilə enerji ixracı illik 145 milyon barel artıb və bu, ölkəyə təxminən 50 milyard dollar əlavə gəlir qazandırıb.

Rusiya da qiymət artımından faydalanan əsas ölkələrdən biri olub. Bildirilir ki, Rusiyanın dəniz vasitəsilə neft ixracı təxminən 592 min barel azalsa da, dünya bazarında qiymətlərin yüksəlməsi nəticəsində Moskva əlavə olaraq 15 milyard dollar gəlir əldə edib.

Qəzetin məlumatına görə, aprelin əvvəlində Fin körfəzi vasitəsilə ixrac edilən Rusiya neftinin bir barelinin qiyməti münaqişədən əvvəlki 41 dollardan 120 dollara qədər yüksəlib.

Fars körfəzi ölkələri arasında isə vəziyyət fərqli olub. Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı Hörmüz boğazından yan keçən boru kəmərləri vasitəsilə ixrac itkisini qismən kompensasiya edə biliblər.

Səudiyyə Ərəbistanının neft tədarükü 150 milyon bareldən çox azalsa da, yüksək qiymətlər fonunda ölkənin gəlirləri 9,2 milyard dollar artıb.

“The New York Times” vurğulayır ki, alternativ ixrac marşrutlarına malik olmayan və Hörmüz boğazından asılı qalan İraq, Küveyt və Qətər daha ciddi iqtisadi itkilərlə üzləşib. Nəşrin hesablamalarına görə, yalnız İraqın itkiləri təxminən 15 milyard dollar təşkil edir.