Dəniz ticarətində böyük dəyişiklik

64

Nəhəng dəniz daşıyıcıları Hörmüz boğazındakı məhdudiyyətlərdən yayınmaq üçün yeni logistika marşrutları tətbiq etməyə başlayıblar.

Bu barədə “Financial Times” məlumat yayıb.

Bildirilib ki, şirkətlər yanacaq və yük daşımalarında alternativ tranzit marşrutlarına üstünlük verirlər.

“MSC”, “Maersk”, “CMA CGM” və “Hapag-Lloyd” kimi iri konteyner şirkətləri Qırmızı dəniz və Oman körfəzi limanlarından istifadəni genişləndiriblər. Bu çərçivədə Səudiyyə Ərəbistanının Yanbu və Kral Abdulla limanları, eləcə də BƏƏ-nin Füceyrə limanı əsas alternativ tranzit mərkəzləri kimi ön plana çıxır. Yüklər daha sonra bölgənin əsas paylama nöqtələri olan Dammam, Bəsrə və Cəbəl Əli istiqamətində yönləndirilir.

Bu yanaşma daşıyıcılara qismən bloklanma riski olan Hörmüz boğazına daxil olmadan əməliyyatları davam etdirməyə imkan verir.

Eyni zamanda, Şanxaydan Fars körfəzi və Qırmızı dəniz istiqamətində konteyner daşımalarının qiymətləri kəskin artıb. “Clarksons Research”in məlumatına görə, mayın 15-dək bu marşrut üzrə standart konteynerin daşınma qiyməti 980 dollardan 4 131 dollara yüksələrək rekord səviyyəyə çatıb.

“Business Times” nəşri isə qeyd edir ki, Hörmüz boğazı yaxın gələcəkdə də qlobal neft və qaz tədarükü üçün əsas strateji tranzit marşrut olaraq qalacaq. Alternativ infrastrukturun yaradılması texniki baxımdan mümkün olsa da, bunun üçün böyük maliyyə sərmayələri tələb olunur və mövcud dəniz daşımalarının həcmini tam əvəzləməsi real görünmür.