ABŞ və İsrailin İranla müharibəsi artıq qlobal şirkətlərə azı 25 milyard dollara başa gəlib və bu rəqəmin artdığı bildirilir. Müqayisə üçün qeyd olunur ki, ötən ilin oktyabrına qədər yüzlərlə şirkət ABŞ Prezidenti Donald Trampın 2025-ci ildə tətbiq etdiyi tariflər səbəbindən 35 milyard dollardan çox itki ilə üzləşmişdi.
“Reuters”in ABŞ, Avropa və Asiyada fond birjalarında qeydiyyatdan keçmiş şirkətlərin korporativ sənədləri əsasında apardığı təhlil münaqişənin biznesə təsirinin geniş miqyasını göstərir. Şirkətlər Hörmüz boğazındakı gərginlik səbəbindən enerji qiymətlərinin artması, təchizat zəncirlərinin pozulması və ticarət marşrutlarında fasilələrlə üzləşir.
Azı 279 şirkət qiymət artımları, istehsal azalması və logistika çətinliklərini birbaşa bu münaqişə ilə əlaqələndirib. Bəzi şirkətlər dividend ödənişlərini dayandırıb, səhmlərin geri alınmasını təxirə salıb, işçiləri məzuniyyətə göndərib və əlavə yanacaq rüsumları tətbiq edib.
Analitiklər bildirirlər ki, vəziyyət qlobal iqtisadiyyatda əvvəlki böhran dövrlərinə bənzər təzyiq yaradır və gəlirlilik göstəricilərini zəiflədir. İstehlak davranışında dəyişikliklər də müşahidə olunur — təmir və alternativ həllərə üstünlük artır.
Hörmüz boğazındakı məhdudiyyətlər neft qiymətlərini müharibədən əvvəlki dövrlə müqayisədə 50 faizdən çox artıraraq 100 dolları keçib. Bu isə nəqliyyat xərclərini yüksəldib, xammal tədarükünü çətinləşdirib və qlobal ticarət axınlarını zəiflədib.
Aviaşirkətlər münaqişədən ən çox zərər görən sahələrdən biri kimi göstərilir — onların ümumi itkilərinin təxminən 15 milyard dollar olduğu bildirilir. Reaktiv yanacaq qiymətlərində də kəskin artım qeydə alınıb.
Sənaye və kimya sektorlarında fəaliyyət göstərən bir çox şirkət isə Yaxın Şərqdən asılı tədarük zəncirlərinə görə qiymət artımına getməyə məcbur qalıb.





