Qərbin müdafiə sənayesi şirkətləri Hörmüz boğazında gəmilərin müşayiəti və minaların təmizlənməsi əməliyyatlarına yeni nəsil dəniz pilotsuz aparatlarını cəlb etməyi planlaşdırır.
“Financial Times” xəbər verir ki, beynəlxalq təhlükəsizlik təşəbbüsləri çərçivəsində Böyük Britaniya Kanadanın “Kraken Robotics” şirkətinin istehsal etdiyi avtonom minaaxtaran sistemləri bölgəyə göndərməyə hazırlaşır. Eyni zamanda Almaniyanın “Atlas Elektronik” şirkətinə məxsus “Seafox” adlı sualtı pilotsuz aparatların da əməliyyatlara qoşulması nəzərdə tutulur.
Mütəxəssislərin bildirdiyinə görə, bu təşəbbüslərin əsas məqsədi minaların tam zərərsizləşdirilməsi deyil, ticarət gəmiləri üçün təhlükəsiz su dəhlizlərinin yaradılması və marşrutların yenidən açılmasıdır.
Sahə üzrə ekspertlər vurğulayırlar ki, hazırkı yanaşma riskli zonalarda “təmizləmə zolaqları” yaradaraq karvanların təhlükəsiz hərəkətini təmin etməyə yönəlib.





