Hantaviruslu kruiz gəmi Rotterdamda

154

Göyərtəsində hantavirus yayılması qeydə alınan Niderlanda məxsus “MV Hondius” sərnişin gəmisi Rotterdam limanına yan alıb.

“nu.nl” xəbər verir ki, gəmi yerli vaxtla saat 10:30-da 7 nömrəli estakadada lövbər salıb. Gəmi heyəti tibbi nəzarət altında quruya çıxarılıb və sərnişinlərlə birlikdə liman ərazisində xüsusi hazırlanmış karantin modullarına yerləşdirilib.

Ərazidə təhlükəsizlik və hüquq-mühafizə qüvvələri tərəfindən geniş nəzarət tədbirləri həyata keçirilib, giriş-çıxış məhdudlaşdırılıb. Karantin zonası tam izolyasiya olunub.

Dezinfeksiya işlərinə sabahdan başlanacağı və prosesin bir neçə gün davam edəcəyi bildirilir. Xüsusi təmizlik briqadaları gəmi və karantin zonasında sanitariya tədbirlərini icra edəcək.

Məlumata görə, “MV Hondius” aprel ayının əvvəlində Argentinanın Uşuaya limanından yola düşüb. Səyahət zamanı sərnişinlər arasında kəskin respirator simptomlar müşahidə olunub.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, gəmidə “Andes” ştammına aid hantavirus infeksiyası aşkarlanıb. İndiyədək bir neçə yoluxma təsdiqlənib, bəzi ölüm halları da qeydə alınıb. Təşkilat hazırkı mərhələdə genişmiqyaslı epidemiya riskinin aşağı olduğunu, lakin vəziyyətin diqqətlə izlənildiyini bildirib.