Hörmüz boğazında gəmiçilik mərhələli şəkildə bərpa olunur

176

İran Hörmüz boğazında gəmiçiliyin müharibədən əvvəlki səviyyəyə qaytarılması ilə bağlı razılıq əldə olunduğunu açıqlayıb. Bununla belə, Tehran boğaz üzərində nəzarəti saxladığını və keçidlərin tam sərbəst rejimə keçmədiyini bildirib.

Fars agentliyinin yaydığı məlumata görə, İran tərəfi hazırda gəmiçilik marşrutlarının idarə olunması, tranzit vaxtları, icazə prosedurları və keçid qaydalarına nəzarəti davam etdirir. Rəsmi Tehran vurğulayıb ki, tətbiq olunan mexanizmlər təhlükəsizlik və regional sabitlik baxımından qüvvədə qalacaq.

Bəyanatda qeyd olunur ki, gəmiçilik fəaliyyətinin əvvəlki göstəricilərə yaxınlaşdırılması barədə razılıq əldə edilsə də, bu, boğazda tam sərbəst və maneəsiz hərəkət rejiminin bərpası anlamına gəlmir.

İranın açıqlaması ABŞ Prezidenti Donald Trampın bölgədə vəziyyətin artıq normallaşdığı barədə son bəyanatları ilə ziddiyyət təşkil edir. Tehran iddia edir ki, amerikalı rəsmilər qeyri-rəsmi danışıqlarda Trampın bəzi açıqlamalarının əsasən daxili siyasi auditoriya və media üçün nəzərdə tutulduğunu bildiriblər.

Eyni zamanda, İran tərəfi hazırkı danışıqlar mərhələsində ölkənin nüvə proqramı ilə bağlı hər hansı öhdəlik və ya razılaşmanın müzakirə olunmadığını da diqqətə çatdırıb.

Qeyd edək ki, Hörmüz boğazı dünya enerji daşımalarının ən strateji marşrutlarından biri hesab olunur. Körfəzdən gündəlik milyonlarla barrel neft və mayeləşdirilmiş qaz daşındığı üçün bölgədəki hərbi-siyasi gərginlik qlobal gəmiçilik və enerji bazarlarına birbaşa təsir göstərir.