Kvant hesablamaları gəmiçiliyə daxil olur

119

Finlandiyanın “ESL Shipping” gəmiçilik şirkəti donanmanın idarə olunması və əməliyyat planlamasının optimallaşdırılması məqsədilə kvant hesablamalarının tətbiqini araşdırmağa başlayıb. Şirkət bu istiqamətdə “Ağıllı Donanma Optimallaşdırılması” adlı çoxillik tədqiqat layihəsinə start verib.

Layihə yük axınlarının idarə olunması, gəmi tutumlarının bölüşdürülməsi, marşrut seçimi, emissiyaların azaldılması və kommersiya prioritetlərinin eyni vaxtda optimallaşdırılması kimi mürəkkəb əməliyyat proseslərini əhatə edir.

Bu məqsədlə “ESL Shipping” Finlandiyanın kvant texnologiyaları üzrə ixtisaslaşmış “QMill Oy” şirkəti ilə əməkdaşlığa başlayıb. Tərəflər klassik kompüter sistemləri ilə kvant alqoritmlərini birləşdirən “hibrid optimallaşdırma” modelini real əməliyyat məlumatları üzərində sınaqdan keçirəcəklər.

Şirkətin açıqlamasına görə, kvant hesablamaları xüsusilə çoxsaylı dəyişənlərin daim dəyişdiyi tramp gəmiçiliyində qərarvermə prosesini əhəmiyyətli dərəcədə sürətləndirə bilər. Texnologiyanın tətbiqi nəticəsində yanacaq sərfiyyatının və karbon emissiyalarının azaldılması, həmçinin donanmanın daha səmərəli idarə olunması gözlənilir.

Layihə çərçivəsində əldə olunacaq nəticələrin gələcəkdə rəqəmsal gəmiçilik həllərinin inkişafına və dəniz nəqliyyatında süni intellekt əsaslı idarəetmə sistemlərinin geniş tətbiqinə töhfə verəcəyi bildirilir.

Seanews.az