İstanbulda Azərbaycan Dövlət Dəniz Akademiyası (ADDA) nümayəndə heyətinin Türkiyənin aparıcı ali təhsil və tədqiqat mərkəzləri ilə keçirdiyi silsilə görüşlərdə dənizçilik təhsili, elmi əməkdaşlıq və innovativ inkişaf istiqamətləri üzrə yeni tərəfdaşlıq imkanları müzakirə olunub.
Türkiyəyə işgüzar səfər çərçivəsində ADDA nümayəndə heyəti İstanbul Texniki Universitetinin (İTÜ) Dənizçilik Fakültəsi və Türk Boğazları Dənizçilik Tətbiq və Araşdırma Mərkəzində görüşlər keçirib.
İTÜ-də keçirilən görüşdə tərəflər arasında tələbə və müəllim mübadiləsi, magistratura və doktorantura səviyyəsində birgə elmi rəhbərlik, ortaq tədqiqat layihələri, rəqəmsallaşma və müasir tədris metodlarının tətbiqi məsələləri müzakirə olunub. İTÜ nümayəndələri fakültənin beynəlxalq akkreditasiyalarını və yüksək reytinqli təhsil modelini təqdim edərək universitet-sənaye inteqrasiyasına əsaslanan yanaşmalar barədə məlumat veriblər.
ADDA tərəfi isə Akademiyanın tədris proqramları, beynəlmiləlləşmə istiqamətində görülən işlər və ingilisdilli təhsilin genişləndirilməsi planlarını diqqətə çatdırıb. Görüşdə həmçinin yaşıl enerji, kibertəhlükəsizlik, alternativ yanacaq texnologiyaları və gəmi emissiyalarının azaldılması üzrə əməkdaşlıq perspektivləri ön plana çıxıb.
Daha sonra Türk Boğazları Dənizçilik Tətbiq və Araşdırma Mərkəzində keçirilən görüşdə qurumun fəaliyyəti, naviqasiya təhlükəsizliyi, gəmi trafiki xidmətləri və dəniz ekosisteminin qorunması istiqamətində həyata keçirilən elmi-tətbiqi layihələr təqdim olunub. Tərəflər ortaq elmi məqalələrin hazırlanması, seminar və onlayn təlimlərin təşkili, eləcə də birgə elmi rəhbərlik mexanizmlərinin yaradılması barədə ilkin razılığa gəliblər.
Sonda bildirilib ki, ADDA ilə Türkiyənin aparıcı dənizçilik qurumları arasında əməkdaşlığın genişləndirilməsi regionda dəniz təhsili və elmi tədqiqatların inkişafına mühüm töhfə verəcək.







