Hamburq limanında yanğın

92

Hamburq limanında yük gəmisində baş verən güclü yanğın nəticəsində səkkiz nəfər xəsarət alıb.

Hadisə mayın 24-də limanın Kuhverderhafen hissəsində yerləşən Grevenhofkai körpüsündə qeydə alınıb.

Məlumata görə, yanğın gəminin arxa hissəsindəki anbar sahəsində başlayıb. Ekipaj ilkin olaraq alovu öz imkanları ilə söndürməyə çalışsa da, daha sonra hadisə yerinə təxminən 80 nəfərlik yanğınsöndürmə və xilasetmə qrupu cəlb edilib.

Xəsarət alanlardan biri yerində tibbi yardım alıb, digər yeddi nəfər isə xəstəxanaya yerləşdirilib. Onların arasında bir yanğınsöndürən və altı ekipaj üzvü olduğu bildirilir.

Almaniya mediasının məlumatına görə, yanğın Niderland bayrağı altında üzən “Jolyn” adlı ümumi yük gəmisində baş verib. Gəminin “Royal Wagenborg” şirkəti tərəfindən istismar olunduğu, həmin gün Böyük Britaniyanın Hull limanından Hamburqa gəldiyi qeyd olunur.

Seanews.az