Yeni araşdırmanın nəticələrinə əsasən, ilk dəfə 2015-ci ildə Qalapaqos adaları sahillərində qeydə alınan ovuc boyda göy osminoq dərin dəniz osminoqlarının yeni növü kimi təsnif edilib.
“Microeledone galapagensis” adlandırılan bu növ “EV Nautilus” elmi-tədqiqat gəmisinin dərin dəniz ekspedisiyası zamanı aşkarlanıb.
Araşdırma zamanı gəmi heyəti Qalapaqos arxipelaqının şimal hissəsində yerləşən Darvin adası yaxınlığında dəniz dibini məsafədən idarə olunan sualtı robot vasitəsilə tədqiq edib. Təxminən 1773 metr dərinlikdə aparılan müşahidə zamanı kameralar qeyri-adi görünüşə malik osminoqu qeydə alıb.
Sonrakı mərhələdə tədqiqatçılar nümunələr toplayaraq bir neçə fərdi qeydə alıblar. Qolf topu ölçüsündə olan göy osminoq xüsusilə diqqət çəkib. Onun daha detallı analizi üçün kompüter tomoqrafiyası tətbiq edilib və nəticələr növün daxili quruluşunu, o cümlədən ağız və orqan sistemini yüksək dəqiqliklə ortaya çıxarıb.
Alimlər bu məlumatların osminoqun yeni növ olduğunu təsdiqlədiyini bildiriblər.
Tədqiqatçılar qeyd edirlər ki, bu kəşf Qalapaqos ətrafı okean sularının hələ də tam öyrənilmədiyini və dərin dəniz ekosistemlərinin böyük hissəsinin elm üçün naməlum qaldığını göstərir.





