“Sea Breeze Marina” yaxta klubu yay mövsümünün açılışı münasibətilə su idman növləri, ailəvi istirahət və əyləncə proqramlarını bir araya gətirən tədbir təşkil edib.
Günün əsas hadisələrindən biri səkkiz yelkənli qayığın iştirakı ilə keçirilən SB20 reqatası olub. Qonaqlar yarışı izləmək və müasir yaxta klubunun atmosferini yaşamaq imkanı əldə ediblər.
Tədbir çərçivəsində “Sea Breeze Marina”nın yeni su idman proqramları da təqdim olunub. Proqramlara 8–16 yaşlı uşaqlar üçün yelkənli qayıq məktəbi, dalğıc mərkəzi, sörfinq mərkəzi və kayak proqramı daxildir. Müxtəlif ölkələrdən olan peşəkar təlimatçıların, o cümlədən portuqaliyalı mütəxəssislərin iştirakı ilə qonaqlar üçün pulsuz yelkənli qayıq və kayak ustad dərsləri keçirilib.
Bundan əlavə, 3–13 yaşlı uşaqlar üçün yaradıcı zonalar təşkil olunub. Uşaqlar keramika qayıqları və çantaları rəngləyərək hazırladıqları işləri özləri ilə aparıblar.
Proqram çərçivəsində “Crocus Fitness” tərəfindən velosiped marafonu da təşkil edilib. İştirakçılar müxtəlif vaxt intervallarında qrup məşqlərinə qatılıblar.
Tədbir boyunca qonaqlar yarmarka, canlı musiqi, uşaq əyləncələri və müxtəlif idman fəaliyyətlərindən zövq alıblar. Həmçinin bildirilib ki, “Sea Breeze” sirkində Moskva Buz Sirkinin çıxışı da baş tutacaq.











