Kruiz gəmisi dənizdə xilasedici oldu

153

“Silver Whisper” kruiz gəmisi Sakit okeanın şimalında qəzaya uğramış yelkənli yaxtanın kapitanını xilas edib.

Hadisə ABŞ-nin Oreqon ştatı sahillərindən təxminən 420 dəniz mili uzaqlıqda baş verib. Kanada bayraqlı “April Alice” yaxtası dirəyini itirdikdən sonra hərəkətsiz qalıb, tək olan dənizçi isə çiynindən xəsarət alıb. Ərazi sahildən çox uzaq olduğuna görə ABŞ Sahil Mühafizəsi helikopterlə xilasetmə əməliyyatı həyata keçirə bilməyib.

Kömək siqnalını alan “Silver Whisper” marşrutunu dəyişərək hadisə yerinə yollanıb. Güclü dalğalara baxmayaraq, kruiz gəmisinin heyəti ikinci cəhddə yaxtaya tros ötürməyə nail olub və dənizçi təhlükəsiz şəkildə gəmiyə çıxarılıb. Ona ilkin tibbi yardım göstərilib.

Xilasetmə əməliyyatından sonra “Silver Whisper” səfərini davam etdirərək planlaşdırıldığı kimi Vankuver limanına çatıb.

Seanews.az