Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmi istifadəçilərinin təhlükəsiz istismarı ilə bağlı maarifləndirmə tədbirlərini davam etdirib.
“Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda keçirilən növbəti silsilə tədbirlər Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsi, Xaçmaz rayonunun Niyazoba kəndi, Lənkəran rayonunun Nərimanabad qəsəbəsi, Mingəçevir şəhərinin Kür çayı sahili və Neftçala rayonunun Bankə qəsəbəsində təşkil olunub.
Tədbirlərdə iştirakçılara kiçikhəcmli gəmilərin texniki təchizatı, istismar tələbləri və təhlükəsizlik qaydaları barədə ətraflı məlumat verilib. Xüsusilə qeyd olunub ki, bu tip gəmilərin qanunvericiliyə uyğun şəkildə texniki baxışdan keçirilməsi və sürücülük hüququ üçün müvafiq vəsiqələrin alınması mütləqdir.
Eyni zamanda iştirakçılara kollektiv və fərdi xilasedici vasitələrdən istifadə qaydaları, eləcə də naviqasiya avadanlıqlarının düzgün tətbiqi ilə bağlı praktiki tövsiyələr verilib.
Sonda gəmi istifadəçilərinə maarifləndirici broşürlər paylanılıb.








