Gəmiqayırmada yeni rekord

142

Norveçin aparıcı gəmiqayırma şirkəti “Vard” dərin dəniz tədqiqat gəmisi tikintisi üçün “Inkfish” şirkəti ilə təxminən 810 milyon ABŞ dolları dəyərində müqavilə imzalayıb. Şirkətin məlumatına görə, bu sifariş həm “Vard”ın tarixində bir gəmi üzrə ən böyük müqavilə, həm də Norveç tərsanələri üçün bu sahədə rekord göstəricidir.

“RV11000” adlandırılan gəmi 162 metr uzunluğunda olacaq və 11 min metrədək dərinliklərdə dəniz dibinin xəritələndirilməsi, sualtı aparatların idarə olunması, nümunələrin toplanması və məsafədən idarə olunan sualtı qurğuların (ROV) əməliyyatları üçün istifadə ediləcək.

Layihəyə uyğun olaraq gəmi sualtı aparatların buraxılıb-qaldırılması sistemləri, xüsusi anqarlar, 15 min metrədək qaldırma qabiliyyətinə malik avadanlıqlar və müasir okeanoqrafik tədqiqat kompleksləri ilə təchiz olunacaq.

Bundan əlavə, “RV11000” gəmiçilik sənayesində indiyədək quraşdırılmış ən böyük batareya sisteminə sahib olacaq. Bu sistem sayəsində gəmi 12 saata qədər səssiz rejimdə fəaliyyət göstərə biləcək. Yeni nəsil tədqiqat gəmisi həmçinin ən son kibertəhlükəsizlik standartlarına uyğun sertifikatlaşdırılacaq.

Seanews.az