İranla əlaqəli tanker ələ keçirildi

99

ABŞ Silahlı Qüvvələrinin Hind-Sakit Okean Komandanlığı (INDOPACOM) Hind okeanında “Davina” tankerinin ələ keçirilməsi və yoxlanılması üzrə əməliyyat keçirdiyini açıqlayıb.

Denizxeber.az bildirir ki, bu barədə komandanlığın “X” (Twitter) hesabında məlumat paylaşılıb.

Məlumata görə, əməliyyat gecə saatlarında həyata keçirilib. ABŞ tərəfi bildirib ki, yoxlamaya cəlb olunan “Davina” gəmisi sanksiyalar altında olub və bayraqsız şəkildə hərəkət edirdi.

Komandanlığın açıqlamasında qeyd olunur ki, məqsəd beynəlxalq dəniz əməliyyatları çərçivəsində qanunsuz fəaliyyətlərin qarşısının alınması, sanksiyalardan yayınan şəbəkələrin ifşa edilməsi və bu fəaliyyətlərə maddi dəstək verən strukturların zərərsizləşdirilməsidir.

ABŞ rəsmiləri bildiriblər ki, bu cür əməliyyatlar gələcəkdə də davam etdiriləcək və beynəlxalq dəniz təhlükəsizliyi prioritet olaraq qalır.