Ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov bildirib ki, Xəzər dənizində su səviyyəsinin dəyişməsi Azərbaycanda ekoloji sahədə əsas prioritet məsələlərdən biridir. Onun sözlərinə görə, bu problemlə bağlı artıq Xəzəryanı ölkələrdən üçü ilə birgə monitorinq, məlumat mübadiləsi və müzakirələr aparılır.
Denizxeber.az bildirir ki, Xəzər dənizində su səviyyəsinin azalması regionun ekologiyası, biomüxtəlifliyi, liman infrastrukturu, gəmiçilik, balıqçılıq və sahilyanı ərazilərin sosial-iqtisadi inkişafı üçün ciddi əhəmiyyət daşıyan məsələdir. Bunu nazir Rəşad İsmayılov bildirib. Buna görə də problemin həlli regional əməkdaşlıq çərçivəsində həyata keçirilməlidir.
Rəşad İsmayılov həmçinin vurğulayıb ki:
- Azərbaycan 20-dən çox beynəlxalq ekoloji konvensiya və protokola qoşulub;
- Bu, ölkənin qlobal ekoloji və iqlim gündəliyinə sadiqliyini göstərir;
- Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkəni beynəlxalq iqlim dialoqunun mühüm mərkəzlərindən birinə çevirib;
- BMT-nin Məskunlaşma Proqramı ilə birgə keçirilən Ümumdünya Şəhərsalma Forumunun 10-cu sessiyası da ölkədə ekoloji maarifləndirmənin güclənməsinə töhfə verib.
Son illərdə Xəzərdə su səviyyəsinin enməsi region ölkələrinin diqqət mərkəzindədir. Bu səbəbdən Azərbaycan, Qazaxıstan və digər sahilyanı dövlətlər həm su ehtiyatlarının idarə olunması, həm də iqlim dəyişikliklərinin təsirlərinin qiymətləndirilməsi istiqamətində əməkdaşlığı genişləndirməyə çalışırlar.





