Nəhəng gəmiçilik şlüzü tikiləcək

140

Çin Yantszı çayında gəmiçiliyin ötürmə qabiliyyətini artırmaq məqsədilə dünyanın ən böyük gəmiçilik şlüzlərindən birinin inşasına start verib.

Denizxeber.az bildirir ki, layihənin təməlqoyma mərasimi Hubei əyalətinin İçan şəhərində keçirilib. Mərasimdə Çin Xalq Respublikası Dövlət Şurasının vitse-prezidenti Din Syuesyan iştirak edib.

Dəyəri 77,2 milyard yuan (təxminən 11,3 milyard ABŞ dolları) olan layihə çərçivəsində Üç Dərə Bəndindəki mövcud şlüzün şimalında beşpilləli, ikizolaqlı yeni gəmiçilik şlüzü tikiləcək. Layihə həmçinin çayın aşağı axınında yerləşən kiçik bənddə gəmiçilik infrastrukturunun modernləşdirilməsini də əhatə edir.

Yeni şlüzün inşası Yantszı çayında yükdaşımalar üzrə artan tələbatla əlaqədardır. Layihə tamamlandıqdan sonra Üç Dərə Bəndi vasitəsilə illik yükötürmə qabiliyyətinin təxminən iki dəfə artaraq 336 milyon tona çatacağı gözlənilir.

Yantszı çayı dünyanın üçüncü, Çinin isə ən uzun çayı hesab olunur və ölkənin daxili su nəqliyyatı sistemində strateji əhəmiyyət daşıyır.