02 iyun 2026-cı il tarixində Azərbaycan Dövlət Dəniz Akademiyasında “Dəniz naviqasiyası mühəndisliyi”, “Gəmi energetik qurğularının istismarı mühəndisliyi”, “Elektrik və elektronika mühəndisliyi” və “Gəmiqayırma və gəmi təmiri mühəndisliyi” ixtisasları üzrə yeni təhsil proqramlarının hazırlanması işlərinin yekunlaşdırılması məqsədilə növbəti işçi iclas keçirilib.
Denizxeber.az ADDA-ya istinadən bildirir ki, iclası giriş sözü ilə açan Akademiyanın rektor əvəzi Eldar Qocayev bildirib ki, Dövlət Dəniz və Liman Agentliyi tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq qeyd olunan ixtisaslar (“Dəniz naviqasiyası mühəndisliyi”, “Gəmi energetik qurğularının istismarı mühəndisliyi”, “Elektrik və elektronika mühəndisliyi” və “Gəmiqayırma və gəmi təmiri mühəndisliyi”) üzrə təhsil proqramlarının yenilənməsi prosesi davam etdirilir. O vurğulayıb ki, proqramların hazırlanması Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 02 may 2024-cü il tarixli KQ-05 nömrəli Qərarına uyğun olaraq, mövcud ixtisasların adları dəyişdirilmədən onların məzmununun müasir tələblərə uyğun yenilənməsi prinsipi əsasında həyata keçirilir.
Daha sonra Tədris prosesinin təşkili şöbəsinin müdiri Əsədullah Süleymanov mövcud ixtisaslar üzrə təhsil proqramlarının məzmununun yenilənməsi qaydaları barədə iştirakçılara ətraflı məlumat verib.
Müzakirələr zamanı ixtisas kafedralarının müdirləri və aidiyyəti əməkdaşlar öz təklif və rəylərini səsləndirərək, təhsil proqramlarının beynəlxalq dənizçilik standartları, əmək bazarının tələbləri və müasir texnoloji inkişaf meyilləri nəzərə alınmaqla hazırlanmasının vacibliyini qeyd ediblər. Eyni zamanda, Dövlət Dəniz və Liman Agentliyinin tövsiyələri əsasında yenidən işlənmiş proqramların qısa müddət ərzində Elmi Şuranın müzakirəsinə təqdim edilməsinin əhəmiyyəti vurğulanıb.
Yeni təhsil proqramlarının hazırlanması Azərbaycan Dövlət Dəniz Akademiyasında təhsilin keyfiyyətinin daha da yüksəldilməsi, beynəlxalq standartlara uyğun dənizçi və mühəndis kadrların hazırlanması baxımından mühüm əhəmiyyət daşıyır. Bu təşəbbüs ölkənin dənizçilik sektorunun inkişafına, milli dəniz nəqliyyatı sənayesinin ehtiyac duyduğu yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına və Azərbaycanın beynəlxalq dənizçilik məkanında rəqabət qabiliyyətinin gücləndirilməsinə xidmət edir.
Təhsil proqramlarının müasir çağırışlara uyğunlaşdırılması həm tələbələrin peşə kompetensiyalarının artırılmasına, həm də dənizçilik sənayesində rəqəmsallaşma, avtomatlaşdırma və innovativ texnologiyaların tətbiqi istiqamətində ölkənin potensialının gücləndirilməsinə mühüm töhfə verəcəkdir.






