Almaniyanın Heliqoland adası yaxınlığında tarixi mayak-gəmi muzeyi ilə 11,5 metrlik yelkənli qayıq arasında toqquşma baş verib.
Denizxeber.az bildirir ki, hadisə iyunun 7-də gecə saatlarında qeydə alınıb. Hadisə yerinə Almaniyanın dəniz xilasetmə xidmətinə məxsus “Verena”, “Hermann Marwede” və federal hökumətin “Neuwerk” gəmiləri göndərilib.
Xilasetmə qrupları yelkənli qayıqda olan iki Niderland vətəndaşının – bir kişi və bir qadının xəsarət almadığını müəyyən ediblər. Toqquşma nəticəsində qayıq ciddi zədələnib, dirəyi qırılıb və daha sonra yedəyə alınaraq təhlükəsiz əraziyə aparılıb.
İlkin məlumata görə, hadisə zamanı yelkənli qayıq tam yelkən açmış vəziyyətdə olub. “Bürgermeister O’Swald” adlı muzey-gəmi isə Vik auf Föhr limanında keçirilən tədbirdən geri qayıdırmış.
Toqquşma nəticəsində muzey-gəmidə hər hansı zərər qeydə alınmayıb və gəmi sonradan Cuxhaven limanına qayıdıb.
Qeyd edək ki, “Elbe 1” adı ilə də tanınan “Bürgermeister O’Swald” 1948–1988-ci illərdə Elbe çayının girişində gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsində istifadə olunub. 1990-cı ildən etibarən isə muzey-gəmi kimi fəaliyyət göstərir.





