İranın Ali Birləşmiş Hərbi Komandanlığı Hörmüz boğazının gəmilərin hərəkəti üçün bağlandığını bəyan edib.
Denizxeber.az bildirir ki, boğazdan keçməyə cəhd edən istənilən gəminin hücuma məruz qalacağı bildirilib. Qərarın neft tankerləri də daxil olmaqla bütün kommersiya gəmilərinə şamil olunduğu qeyd edilib.
Bəyanat ABŞ-nin İrandakı bir sıra obyektlərə zərbələr endirdiyini açıqlamasından sonra verilib. Məlumata görə, gecə saatlarında İranın müxtəlif şəhərlərində hava hücumundan müdafiə sistemləri aktivləşdirilib.
Eyni zamanda, Hörmüz boğazında İran və ABŞ hərbi-dəniz qüvvələri arasında qarşıdurmaların yaşandığı, İranın Keşm və Hengam adaları ətrafında partlayış səslərinin eşidildiyi bildirilir.
Hörmüz boğazı dünya enerji bazarı üçün strateji əhəmiyyət daşıyır. Qlobal neft və mayeləşdirilmiş təbii qaz tədarükünün əhəmiyyətli hissəsi məhz bu marşrut vasitəsilə həyata keçirilir. Buna görə də boğazda hər hansı məhdudiyyət beynəlxalq enerji bazarlarında və dəniz daşımalarında ciddi təsirlərə səbəb ola bilər.





