Milyonlarla il əvvələ aid sirr açılır

103

Hind okeanının cənub-şərq hissəsində yüzlərlə kilometrə qədər uzanan, indiyədək məlum olan ən böyük balina qalıqları toplusu aşkarlanıb.

Denizxeber.az bildirir ki, kəşf Çin, İtaliya və Yeni Zelandiyadan olan alimlər tərəfindən “Nature” jurnalında dərc olunan elmi məqalədə təqdim edilib.

Məlumata əsasən, bəzi fosillərin yaşı 5 milyon ildən çoxdur və bu, tapıntını həm də ən qədim balina qalıqları toplusu kimi xarakterizə edir. Qalıqlar okeanın 7 kilometrdən artıq dərinliyində yerləşən Diamantina tektonik qırılma zonasında aşkar edilib.

Alimlər bölgəni sualtı aparatlarla tədqiq edərək 50–60 milyon il əvvəl formalaşmış tektonik strukturda 470-dən çox balina qalıqları müəyyən ediblər.

Tapıntılar arasında artıq nəsli kəsilmiş “Pterocetus benguelae” növünə aid skeletlər də yer alır. Bundan əlavə, əvvəllər elmə məlum olmayan yeni növlər də aşkar edilib və onlardan biri qırılma zonasının adına uyğun olaraq “Pterocetus diamantinae” adlandırılıb.

Tədqiqatçılar bu kəşfin dərin okean ekosistemlərinin tarixi və balinaların təkamülü barədə yeni elmi nəticələr əldə etməyə imkan verəcəyini bildirirlər.