Dənizdə təhlükəsizlik hazırlığında yeni mərhələ

68

SOCAR-ın Dənizdə İnsan Həyatının Mühafizəsi üzrə Təlim Mərkəzində (DİHMÜTM) beynəlxalq səviyyədə tanınan OPITO standartları üzrə BOSİET, HUET və FOET təlim proqramları uğurla icra olunur.

Denizxeber.az bildirir ki, mərkəz 2017-ci ildə nüfuzlu OPITO təşkilatının akkreditasiyasını əldə edib və həmin vaxtdan etibarən dəniz neft-qaz sənayesində çalışan mütəxəssislərin təhlükəsizlik hazırlığının artırılması istiqamətində fəaliyyət göstərir.

Bu günədək keçirilən təlimlərdə SOCAR və müxtəlif şirkətlərdən ümumilikdə 3169 nəfər iştirak edib:

  • BOSİET – 3098 nəfər
  • HUET – 38 nəfər
  • FOET – 33 nəfər

Təlimlərdən yararlanan təşkilatlar arasında BP Azərbaycan, UBOC, BAHAR Energy, CDC, CIC, SOCAR Fugro, Upstream və Bos Shelf kimi şirkətlər yer alır.

Proqramlar iştirakçılara neft-qaz qurğularında mövcud təhlükələrin müəyyənləşdirilməsi, risklərin idarə olunması, dənizdə sağqalma, ilkin tibbi yardım, yanğınsöndürmə vasitələrindən istifadə, helikopter qəzası zamanı təxliyə və fövqəladə hallara operativ reaksiya vermə bacarıqları qazandırır.

Mərkəzdə keçirilən təlimlər dəniz neft-qaz sektorunda çalışan mütəxəssislərin beynəlxalq təhlükəsizlik standartlarına uyğun hazırlanmasına, istehsalat qəzalarının qarşısının alınmasına və fövqəladə vəziyyətlərdə düzgün davranış vərdişlərinin formalaşdırılmasına mühüm töhfə verir. Bu fəaliyyət regionda təhlükəsizlik mədəniyyətinin inkişafı baxımından da xüsusi əhəmiyyət daşıyır.