Dünya okeanı yüksəlir: alimlər xəbərdarlıq edir

70

Yer kürəsindəki bütün buzlaqların tam əriməsi halında Dünya okeanının səviyyəsi nəzəri olaraq 150 metrədək qalxa bilər. Bu barədə Arktika və Antarktika Elmi-Tədqiqat İnstitutunun (AETİ) elmi əməkdaşı Anna Kozaçek məlumat verib.

Denizxeber.az bildirir ki, onun sözlərinə görə, buzlaqların tam əriməsi nəticəsində dəniz səviyyəsi təxminən 60 metr yüksələ bilər. Suyun istilik nəticəsində genişlənməsi də nəzərə alınarsa, bu göstərici 150 metrə çata bilər.

Bununla belə, alim belə bir ssenarinin yaxın bir neçə əsr ərzində baş verməsinin real olmadığını vurğulayıb. O qeyd edib ki, qlobal dəniz səviyyəsinin artması artıq müşahidə olunur. Belə ki, 1900-cü ildən bəri okean səviyyəsi təxminən 25 santimetr yüksəlib, hazırda isə artım tempi ildə orta hesabla 3 millimetr təşkil edir.

Mütəxəssislər bildirirlər ki, iqlim dəyişikliyi yalnız dəniz səviyyəsinə deyil, okean ekosistemlərinə də ciddi təsir göstərir. “Nature Ecology & Evolution” jurnalında dərc olunan araşdırmaya əsasən, okean sularının temperaturunun davamlı yüksəlməsi dəniz canlılarının sayının azalmasına səbəb olur.

İspaniyanın Milli Təbiət Elmləri Muzeyinin əməkdaşı Şahar Çaykin bu prosesi “dəniz həyatının azalmasına doğru son dərəcə narahatedici tendensiya” kimi qiymətləndirib. Alimlər hesab edirlər ki, iqlim dəyişikliklərinin təsirlərinin azaldılması üçün qlobal səviyyədə daha fəal tədbirlərin görülməsi vacibdir.