Dünya Bankı Körfəz regionunda münaqişənin qlobal iqtisadiyyata təsirlərini nəzərə alaraq 2026-cı il üzrə dünya iqtisadi artım proqnozunu 2,5 faizə endirib.
Denizxeber.az bildirir ki, “Zeit” nəşrinə istinadən verilən məlumata görə, qurumun yeni hesabatında qeyd olunur ki, bu ssenari reallaşarsa, qlobal iqtisadiyyat COVID-19 pandemiyasından bəri ən zəif artım dövrünü yaşayacaq.
Proqnozun pisləşməsinə əsas səbəblər kimi yüksək inflyasiya, enerji qiymətlərinin artması və İran münaqişəsi fonunda Hörmüz boğazında gəmiçilik və xammal ticarətində yaranan ciddi məhdudiyyətlər göstərilir. Hesabatda vurğulanır ki, təchizat zəncirlərində problemlər davam edərsə, vəziyyət daha da kəskinləşə bilər.
Bu halda 2026-cı ildə qlobal iqtisadi artımın 1,3 faizə qədər enməsi, inflyasiyanın isə 4,4 faizə yüksəlməsi ehtimal olunur.
Dünya Bankı bildirir ki, böhranın təsirləri xüsusilə inkişaf etməkdə olan və yoxsul ölkələrdə daha ağır hiss olunur. Qurumun hesablamalarına görə, bu ilin sonunadək inkişaf etməkdə olan ölkələrin təxminən dörddə biri 2019-cu illə müqayisədə daha aşağı gəlir səviyyəsində qala bilər.
Bununla əlaqədar Dünya Bankı inkişaf etməkdə olan ölkələrə dəstək məqsədilə 50–60 milyard dollar həcmində maliyyə paketi ayıracağını açıqlayıb. Vəsaitin bir hissəsinin mövcud layihələrdən yönləndirilməsi planlaşdırılır.
Qeyd olunur ki, OECD və BVF də son aylarda qlobal iqtisadi artım üzrə proqnozlarını aşağı salaraq oxşar risklər barədə xəbərdarlıq ediblər.





