“Azərbaycan Dənizçilərinə Dəstək” ictimai birliyindən -BƏYANAT

389

TƏŞƏKKÜR BƏYANATI

Azov dənizində baş vermiş ağır hadisə nəticəsində “Natra” və “Circon” gəmilərində həlak olan və zərər çəkən dənizçilərimizlə bağlı prosesin idarə olunması zamanı göstərilmiş yüksək humanizm, peşəkarlıq və dəstəyə görə Cunda Shipping Ltd. şirkətinin rəhbərliyinə dərin minnətdarlığımızı bildiririk.

Xüsusilə qeyd etmək istərdik ki, bu ağır hadisə zamanı “Circon” gəmisinin sahibi olan Cunda Shipping Ltd. şirkəti yüksək prinsipiallıq və humanizm nümayiş etdirmişdir. Çətin günlərdə dənizçilərimizin ölkəmizə təxliyəsi, yerləşdirilməsi, eləcə də bütün dəfn mərasimlərinin təşkili ilə bağlı xərclərin şirkət tərəfindən tam qarşılanması, ailələrimiz üçün həm mənəvi, həm də maddi baxımdan böyük dəstək olmuşdur.

Bu prosesin uğurla icrasında Cunda Shipping Ltd.-nin Türkiyə və Bakı ofislərinin göstərdiyi operativlik xüsusi olaraq yüksək qiymətləndirilir. Xüsusilə İnsan resursları üzrə müdir Alperen Yağcıya, kapitan Ali Mollaibrahimoğluna, Bakı ofisinin rəhbəri kapitan İlkin Ələsgərova, eləcə də Türkiyə və Bakı ofislərinin bütün rəhbər heyətinə və prosesin hər mərhələsində iştirak etmiş bütün komanda üzvlərinə dərin təşəkkürümüzü bildiririk.

Əlavə olaraq vurğulamaq istərdik ki, Cunda Shipping Ltd. şirkəti humanitar prinsiplərə sadiqliyini daim nümayiş etdirmişdir. Şirkətin 44 günlük Vətən müharibəsində iştirak etmiş qazilərimizi və veteranlarımızı təcrübə fərqlərini nəzərə almadan işlə təmin etməsi, Azərbaycan cəmiyyətinə və onun qəhrəman övladlarına göstərilən yüksək ehtiramın bariz nümunəsidir.

Bu ağır prosesin müxtəlif mərhələlərində göstərdikləri dəstək və koordinasiyaya görə Azərbaycan Dənizçilərinə Dəstək İctimai Birliyi adından, Dövlət Dəniz və Liman Agentliyi, Xəzər Dəniz Gəmiçiliyi (ASCO), Xarici İşlər Nazirliyi və bütün Azərbaycan dənizçi ictimaiyyətinə səmimi minnətdarlığımızı ifadə edirik.

Adı çəkilməyən, lakin bu ağır prosesin öhdəsindən gəlməkdə əməyi keçmiş hər bir şəxsə dərin minnətdarlığımızı bildiririk. Baş vermiş faciə nəticəsində həyatını itirən dənizçilərimizə Allahdan rəhmət diləyir, onların əziz xatirəsini ehtiramla anırıq; yaralanan həmkarlarımıza isə tezliklə şəfa diləyirik. Bu kədərli günlərdə göstərilən həmrəylik, dənizçi ailələrimiz üçün ən böyük təsəlli olmuşdur.

Dərin hörmət və ehtiramla,

Unutmayaq ki, AZƏRBAYCAN DƏNİZÇİSI OLMAQ BÖYUK BİR ŞƏRƏFDİR!

    Hörmətlə “Azərbaycan Dənizçilərinə Dəstək” ictimai birliyinin sədri dənizçilərin dostu

İlham Rafiq oğlu Nəsirov

E-mail: info@adib.az

Mob. Whatsapp(+99455) 226-48-99

Web site: www.adib.az