Xəzər dənizi ilə narkotik daşınması araşdırılır

143

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Xəzər dənizi vasitəsilə Azərbaycan ərazisinə 328 kiloqramdan artıq narkotik vasitənin keçirilməsi ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Denizxeber.az bildirir ki, hakim Tariyel Quliyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib və onlar barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul olunub. Növbəti iclas iyunun 23-nə təyin edilib.

İş materiallarına əsasən, İran vətəndaşları qabaqcadan əlbir olaraq xüsusilə külli miqdarda narkotik vasitəni – marixuananı – “layner” tipli mühərrikli qayıqla Xəzər dənizinin Azərbaycan hissəsindən keçirərək ölkə ərazisinə gətirməyə cəhd ediblər. Xaçmaz istiqamətində sahilə yaxınlaşarkən sərhəd orqanları tərəfindən aşkar olunacaqlarını anlayaraq narkotik maddəni dənizə atdıqları, sonradan həmin maddələrin dəniz və sahil ərazilərindən aşkarlanaraq götürüldüyü bildirilir.

Təqsirləndirilən şəxslərə qaçaqmalçılıq, satış məqsədilə xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi və dövlət sərhədini qanunsuz keçmə maddələri ilə ittiham irəli sürülüb və onlar barəsində həbs qətimkan tədbiri seçilib.