Beynəlxalq mediada yayılan məlumatlara görə, İran və Oman ABŞ ilə əldə edilən mümkün razılaşma çərçivəsində Hörmüz boğazında gəmiçilik xidmətlərinin gələcək idarə olunması qaydalarını özləri müəyyən edə biləcək.
Denizxeber.az bildirir ki, sənədin son versiyasında boğazda “gəmiçilik xidmətləri”nin təşkili və idarəetməsinin İran və Oman tərəfindən tənzimlənəcəyi qeyd olunur. Bəzi şərhlərə görə, bu ifadə İranın müəyyən xidmətlər üzrə rüsum toplamaq hüququnun tanınması kimi qiymətləndirilir.
İran tərəfi ilkin mərhələdə 60 gün ərzində sərbəst keçidə icazə verəcək, daha sonra isə təhlükəsizlik və sığorta xidmətləri də daxil olmaqla müəyyən iqtisadi mexanizmlərdən gəlir əldə edəcək.
Eyni zamanda, regionla bağlı diplomatik proseslər çərçivəsində ABŞ və İran arasında hərbi əməliyyatların dayandırılması ilə bağlı razılaşmanın əldə olunduğu iddiaları da yayılıb. Bildirilir ki, tərəflər iyunun 19-da İsveçrədə anlaşma memorandumu imzalamağı planlaşdırır.
Hazırda bu məlumatlar rəsmi təsdiqini tapmayıb və müxtəlif beynəlxalq mənbələrə istinadən yayılır.





