Gərginlik azalır, lakin tam sabitlik yoxdur

224

Hörmüz boğazının yenidən açılması qlobal logistika və enerji bazarlarında gərginliyi azalda bilər, lakin bu, yükdaşımaların dərhal normallaşacağı anlamına gəlmir.

Denizxeber.az Rauf Ağamirzəyevin fikirlərinə əsasən bildirir ki, böhran dövründə daşıyıcılar, treyderlər və neft alıcıları alternativ marşrutlar və təchizat zəncirləri formalaşdırıblar. Bu səbəbdən ticarət axınlarının əvvəlki vəziyyətinə qayıtması üçün vaxt tələb olunacaq. Bundan əlavə, sığorta tariflərinin yüksək qalması, limanlarda yığılmış yüklər, təhlükəsizlik riskləri və mümkün mina təmizləmə işləri prosesin sürətinə təsir göstərəcək.

Nəqliyyat və logistika baxımından əsas nəticə ondan ibarətdir ki, geosiyasi böhranlar başa çatsa belə, təchizat zəncirlərinin bərpası həmişə daha uzun çəkir. Son illərdə dünya logistikasında müşahidə olunan tendensiya göstərir ki, şirkətlər riskləri azaltmaq üçün marşrutlarını şaxələndirməyə üstünlük verirlər və əvvəlki asılılıq səviyyəsinə qayıtmağa tələsmirlər.

Bu isə o deməkdir ki, Hörmüz boğazının açılması neft və yük bazarları üçün müsbət siqnal olsa da, qlobal gəmiçilik bazarında tam sabitliyin bərpası aylarla davam edə bilər.

Müəllif: Rauf Ağamirzəyev