Avstraliya 20 iyul – 7 avqust tarixlərində qitənin şimal hissəsində keçiriləcək “Pitch Black 2026” beynəlxalq hərbi hava təliminə ev sahibliyi edəcək.
Denizxeber.az bildirir ki, ölkənin Müdafiə Nazirliyinin məlumatına görə, təlimlərdə 19 ölkədən hərbi qüvvələr və 100-dən çox təyyarə iştirak edəcək. Tədbirə Bruney, Böyük Britaniya, Hindistan, İndoneziya, İspaniya, Kanada, Malayziya, Yeni Zelandiya, Papua Yeni Qvineya, Cənubi Koreya, Sinqapur, ABŞ, Tayland, Fici, Filippin, Finlandiya, Fransa, İsveç və Yaponiya qoşulacaq.
“Pitch Black” Avstraliya Kral Hərbi Hava Qüvvələrinin təşkil etdiyi ən böyük beynəlxalq hərbi təlim hesab olunur. Manevrlər zamanı iştirakçılar dünyanın ən iri hərbi təlim poliqonlarından birində döyüş şəraitinə maksimum yaxın ssenarilər üzrə əməliyyatlar həyata keçirəcəklər.
Avstraliya Kral Hərbi Hava Qüvvələrinin nümayəndəsi Met Makkormak bildirib ki, təlimlərin əsas məqsədi müttəfiq və tərəfdaş ölkələr arasında qarşılıqlı fəaliyyət qabiliyyətini artırmaqdır:
“Pitch Black 2026 həm Avstraliyanın, həm də regionun hazırlığı və kollektiv təhlükəsizliyi üçün mühüm əhəmiyyət daşıyır. Mürəkkəb ssenarilər üzrə birgə təlimlər qüvvələrimizin koordinasiyasını gücləndirir və regional sabitliklə təhlükəsizliyin qorunmasına sadiqliyimizi nümayiş etdirir.”
Təlimlər Hind-Sakit okean regionunda təhlükəsizlik əməkdaşlığının gücləndirilməsi baxımından mühüm beynəlxalq hərbi platformalardan biri hesab olunur.





