Bakıda İslam İnkişaf Bankı (İİB) Qrupunun İllik Toplantılarının rəsmi açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Denizxeber.az bildirir ki, möhtəşəm açılış mərasimi ilə start götürən builki toplantılarda İslam dünyasının aparıcı maliyyə qurumlarının rəhbərləri, üzv ölkələrin nazirləri, rəsmi şəxslər və beynəlxalq ekspertlər bir araya gəliblər. Tədbir çərçivəsində qlobal iqtisadi çağırışlar, davamlı inkişaf, islam maliyyə sistemi və rəqəmsal transformasiya kimi mühüm mövzuların müzakirəsi nəzərdə tutulur.
Toplantıda çıxış edən dövlət başçısı Azərbaycanın İslam İnkişaf Bankı ilə uzunmüddətli və uğurlu əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirib. Prezident İlham Əliyev ölkəmizdə həyata keçirilən irimiqyaslı infrastruktur layihələrindən, dəniz nəqliyyatı, logistika və rəqəmsallaşma sahəsində əldə olunan uğurlardan bəhs edib, həmçinin bankın dəstəyi ilə icra olunan layihələrin əhəmiyyətini vurğulayıb.
Qeyd edək ki, Bakının ev sahibliyi etdiyi bu mötəbər tədbir çərçivəsində üzv dövlətlər arasında iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsi məqsədilə bir sıra ikitərəfli görüşlərin keçirilməsi və yeni əməkdaşlıq sənədlərinin imzalanması gözlənilir.





