Dəniz nəqliyyatında qlobal tərəfdaşlıq: ASCO və AİİB rəsmiləri bir araya gəlib – FOTO

154

“AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) nümayəndə heyəti ilə görüş baş tutub.

Denizxeber.az bildirir ki, ASCO-nun İdarə Heyətinin sədri Əfqan Cəlilov qonaqlara şirkətin fəaliyyət istiqamətləri, donanmanın yenilənməsi, rəqəmsallaşma və innovativ həllərin tətbiqi sahəsində icra olunan layihələr, həmçinin gələcək prioritetlər barədə ətraflı məlumat verib.

Görüşdə Azərbaycanın nəqliyyat-logistika potensialı, xüsusilə dəniz nəqliyyatının inkişaf perspektivləri, eləcə də gəmiçilik sektorunda mövcud çağırışlar ətrafında geniş fikir mübadiləsi aparılıb.

Müzakirələr zamanı biznes proseslərinin optimallaşdırılması, əməliyyat səmərəliliyinin artırılması və rəqəmsal transformasiya kimi məsələlər əsas diqqət mərkəzində olub, bu istiqamətlərdə gələcək əməkdaşlıq imkanlarının dəyərləndirilməsinin əhəmiyyəti vurğulanıb.