Tranzitdə yeni mərhələ: Orta Dəhliz təkcə tonnaj deyil, həm də keyfiyyət rəqabətinə qoşulur

115

Orta Dəhlizin inkişafı adətən yükdaşımaların həcmi və tranzit göstəricilərinin artımı prizmasından qiymətləndirilsə də, marşrutun səmərəliliyi yalnız milyonlarla ton yüklə ölçülmür. Bəzən nisbətən kiçik həcmə malik, lakin yüksək dəyərli və mürəkkəb logistik həllər tələb edən yüklər regional iqtisadiyyata daha böyük gəlir gətirir.

Denizxeber.az bildirir ki, nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, iriölçülü sənaye avadanlıqları, enerji qurğuları, turbinlər və təhlükəli yüklərin (layihə yükləri) daşınması Orta Dəhliz üçün yeni və yüksək gəlirli mənbələr yarada bilər. Ekspertin sözlərinə görə, bəzi spesifik yüklər yüksək əlavə dəyər formalaşdırır və marşrut boyunca yerləşən ölkələrə daha çox iqtisadi fayda verir.

Bu sahədə artıq uğurlu təcrübənin olduğunu deyən R.Ağamirzəyev bir neçə il əvvəl Çindən Gürcüstanın Poti limanı vasitəsilə tunelqazma kompleksi (TBM) üçün iriölçülü hissələrin daşınmasını, həmçinin Çin və Qazaxıstan üzərindən Özbəkistana, eləcə də Azərbaycana sənaye avadanlıqlarının çatdırılmasını nümunə göstərib.

Ekspert hesab edir ki, belə daşımaların müntəzəm xarakter alması üçün marşrut boyunca körpülər, elektrik xətləri və digər infrastruktur məhdudiyyətləri aradan qaldırılmalı, xüsusi logistika marşrutları formalaşdırılmalıdır. Azərbaycan, Gürcüstan, Türkiyə və Mərkəzi Asiya ölkələri Qara dəniz və Aralıq dənizi limanlarına çıxışı təmin edən xüsusi dəhlizlərin yaradılması istiqamətində birgə fəaliyyət göstərməlidirlər. Hətta gələcəkdə Zəngəzur dəhlizi kimi yeni layihələr həyata keçirilərkən iriölçülü və təhlükəli yüklərin daşınması üçün tələb olunan texniki parametrlər əvvəlcədən nəzərə alınmalıdır.

Dəhlizin yalnız Qazaxıstan marşrutu ilə məhdudlaşmadığını vurğulayan ekspert, Çin–Qırğızıstan–Özbəkistan–Türkmənistan xətti üzrə formalaşan cənub qolunun da strateji əhəmiyyət daşıdığını qeyd edib. Onun sözlərinə görə, Kurık, Aktau və Türkmənbaşı limanlarını birləşdirən yeni avtomobil və dəmir yolu layihələri Xəzər regionunda vahid nəqliyyat şəbəkəsinin formalaşmasına və logistika risklərinin azaldılmasına xidmət edir.

Sonda R.Ağamirzəyev əlavə edib ki, layihə yükləri uğrunda rəqabət bəzən adi yük tonnajının artırılmasından daha sərfəlidir. Çünki bu tip multimodal daşımalar limanlara, dəmir yollarına, avtomobil daşıyıcılarına və logistika şirkətlərinə yüksək mənfəət təmin edir. Növbəti mərhələdə əsas hədəf marşrut ölkələrinin fəaliyyətini əlaqələndirməklə bu mürəkkəb prosesi adi kommersiya yükləri qədər rahat və proqnozlaşdırıla bilən səviyyəyə gətirməkdir.