Xəzərin qumları altından çıxan möcüzə: Qədim sənətkarların izi tapıldı – FOTO

118

Xəzər sahilində qədim şəhər aşkarlandı: İpək Yolunun naməlum qolu üzə çıxdı

Alimlər Xəzər dənizinin şərq sahilində, Qazaxıstanın Mangistau vilayətinin Tüpqaraqan rayonunda qədim metallurgiya, zərgərlik və şüşə istehsalına dair mühüm sübutlar, həmçinin Parfiya, Bizans və Çindən gətirilmiş zəngin sikkə kolleksiyası aşkar ediblər.

Denizxeber.az bildirir ki, bu barədə məlumat Qazaxıstan Elm və Ali Təhsil Nazirliyinin rəsmi saytında dərc olunub.

Tədqiqatlar nəticəsində məlum olub ki, bölgədə yerləşən Karakabak şəhəri eramızın I–VI əsrlərində mövcud olub və öz dövrünün iri sənətkarlıq və ticarət mərkəzi kimi fəaliyyət göstərib.

Qlobal ticarət əlaqələri və zəngin sikkə kolleksiyası

Qazıntılar zamanı aşkarlanan 150-dən çox sikkədən ibarət kolleksiya xüsusilə böyük tarixi əhəmiyyət daşıyır. Tapıntılar arasında Parfiya, Xarəzm, Soqdiana, İran, Bizans və Çinə məxsus sikkələr diqqət çəkir.

Alimlərin fikrincə, Böyük İpək Yolunun qollarından biri Mangistau ərazisindən keçə bilərdi və Karakabak indiyədək elmə məlum olmayan Azov-Xəzər ticarət dəhlizinin əsas qovşaqlarından biri olub. Bu marşrut Xəzər dənizi, Şimali Qafqaz, Azov regionu, Volqa hövzəsi, Cənubi Ural, Mərkəzi Asiya və Yaxın Şərqi bir-biri ilə birləşdirirdi.

Ptolemeyin xəritəsindəki sirli şəhər

Bundan başqa, Karakabak şəhərinin qədim yunan coğrafiyaçısı Ptolemeyin xəritəsində qeyd olunan məşhur Aspabota şəhəri olması da ehtimal edilir.

Ekspertlər vurğulayırlar ki, bu unikal tapıntılar Böyük Çölün yalnız köçəri tayfalara deyil, həm də dövrünə görə yüksək səviyyədə inkişaf etmiş oturaq ticarət və sənətkarlıq mərkəzlərinə ev sahibliyi etdiyini bir daha sübuta yetirir.