Hörmüz koridorunda birgə nəzarət mexanizmi qurulur

62

Oman və İran gəmilərə göstərilən xidmətlərin dəyəri də daxil olmaqla, Hörmüz boğazında gəmiçiliyin gələcək idarə olunmasının müzakirəsi məqsədilə birgə işçi qrupu yaratmaq barədə razılığa gəliblər.

Denizxeber.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə İran nümayəndə heyətinin Məskətə rəsmi səfərinin yekunlarına dair iki ölkənin yaydığı birgə bəyanatda bildirilir.

Oman Xarici İşlər Nazirliyinin dərc etdiyi rəsmi sənəddə qeyd olunur: “Tərəflər beynəlxalq standartlara uyğun olaraq Hörmüz boğazında gəmiçiliyin gələcək idarə olunması, göstərilən xidmətlər və bununla bağlı xərclər barədə razılığa gəlmək üçün bu məsələ üzrə dialoqu birgə işçi qrupu vasitəsilə davam etdirmək barədə razılığa gəliblər”.

Məlumata görə, Məskət və Tehran administrasiyaları sözügedən məsələ ilə bağlı regionun digər sahilyanı ölkələri və maraqlı tərəfləri ilə də geniş məsləhətləşmələr aparmağı planlaşdırır.

Bəyanatda həmçinin vurğulanıb ki, boğazda tətbiq olunacaq hər hansı yeni mexanizm və razılaşma həm Omanın, həm də İranın dəniz ərazi suları üzərindəki suveren hüquqlarına tam və şərtsiz şəkildə riayət edilməsi prinsipinə əsaslanmalıdır.