Atəşkəsdən sonra Hörmüz boğazında hərəkət intensivliyi kəskin artıb

64

ABŞ və İran arasında əldə olunmuş razılaşmadan sonra strateji əhəmiyyətli Hörmüz boğazında ticarət gəmilərinin hərəkətində kəskin canlanma qeydə alınıb. Son 5 gün ərzində boğazdan sutkada orta hesabla 34 olmaqla, ümumilikdə 172 gəmi keçib.

Denizxeber.az xarici mediaya istinadla xəbər verir ki, “Kpler” və “MarineTraffic” analitik şirkətlərinin dəniz izləmə məlumatlarına görə, keçid xəttinin açılmasından sonra iyunun 18-də boğazdan 41, iyunun 19-da 22, iyunun 20-də 42, iyunun 21-də 28 və iyunun 22-də isə 39 gəmi keçib. Hazırda Hörmüz boğazında ticarət naviqasiyası hərbi əməliyyatlardan əvvəlki səviyyənin 25 faizinə çatıb. Xüsusilə xam neft və neft məhsullarının daşınmasında əhəmiyyətli artım dinamikası müşahidə olunur.

İran neftinin ixracı və regional tanker hərəkəti

İyunun 22-də boğazdan keçən dəniz nəqliyyat vasitələri arasında İran nefti daşıyan tankerlər xüsusilə diqqət çəkib. Həmin gün Hörmüzdən ən azı 7 milyon barel İran xam nefti daşıyan 4 supertanker (VLCC) keçib. Ümumilikdə isə son 5 gündə boğaz vasitəsilə 13 milyon bareldən çox İran xam nefti beynəlxalq alıcılara çatdırılmaq üçün yola salınıb. Bu dövrdə Hörmüz boğazından keçən Səudiyyə Ərəbistanı, İraq, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə məxsus xam neft tankerlərinin sayında da ciddi artım qeydə alınıb.

Müharibədən əvvəlki və sonrakı göstəricilər

Müqayisə üçün qeyd edək ki, cari ilin fevralın 28-də regionda hərbi münaqişə başlamamışdan əvvəl Hörmüz boğazından gündəlik təxminən 130 ticarət gəmisi keçirdi. Lakin hərbi əməliyyatların aktiv fazasında bu rəqəm bəzi günlərdə minimuma (1 gəmiyə) enmiş, müharibənin davam etdiyi 100 gün ərzində isə sutkalıq orta göstərici cəmi 10 ticarət gəmisi təşkil etmişdi. Beləliklə, böhran dövründə boğazdakı qlobal dəniz ticarəti əvvəlki səviyyələrlə müqayisədə 95 faizə qədər azalmışdı. Hazırkı bərpa prosesi regional loqistikanın yenidən canlanmasının göstəricisi hesab olunur.