BMT Hörmüzdə qalan 11 000 dənizçini xilas edir

112

BMT-nin Beynəlxalq Dəniz Təşkilatı (BDT) ABŞ və İran arasında baş vermiş hərbi münaqişə səbəbindən Körfəz regionunda çıxılmaz vəziyyətdə qalan 11 mindən çox dənizçinin təxliyəsinə başlayacağını elan edib.

Denizxeber.az bildirir ki, bu barədə BDT-nin baş katibi Arsenio Dominguez rəsmi bəyanatla çıxış edib.

Baş katib ABŞ və İran arasında əldə olunmuş sülh razılaşmasını dəniz təhlükəsizliyinin bərpası istiqamətində həlledici addım kimi dərindən məmnunluqla qarşıladığını bildirib. O, aylarla davam edən böhran zamanı həyatını itirən 14 günahsız dənizçinin xatirəsini ehtiramla yad edərək, hazırda dənizdə qalan heyətin xilası üçün genişmiqyaslı əməliyyata start verildiyini qeyd edib.

Arsenio Dominguezin sözlərinə görə, bu irihəcmli humanitar və logistik əməliyyat İran, Oman, regionun digər sahilyanı dövlətləri, ABŞ və beynəlxalq dənizçilik sənayesi nümayəndələri ilə sıx koordinasiya şəraitində icra olunacaq.

B bəyanatda vurğulanıb ki, təxliyə planının təhlükəsiz şəkildə həyata keçirilməsi üçün bütün zəruri təhlükəsizlik təminatları artıq əldə edilib və regionda təhlükəsiz naviqasiya şəraiti hərtərəfli yoxlanılıb. BDT dənizçilərin təhlükəsizliyinin tam təmin olunması və qlobal ticarətin kəsintisiz davam etməsi üçün bütün imkanlarını səfərbər etdiyini diqqətə çatdırıb.

Xatırladaq ki, Hörmüz boğazı ətrafında yaranmış hərbi-siyasi böhran və dəniz yollarının blokadası Körfəz akvatoriyasında minlərlə gəminin daxildə sıxılıb qalmasına və dəniz nəqliyyatı sektorunda ciddi humanitar gərginliyə səbəb olmuşdu.