Qazaxıstanın Aktau dəniz limanında gəmiçiliyin təhlükəsizliyinin artırılması və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) buraxılış qabiliyyətinin genişləndirilməsini nəzərdə tutan dibdərinləşdirmə layihəsinin icrası davam etdirilir.
Denizxeber.az bildirir ki, Qazaxıstan Nəqliyyat Nazirliyinə istinadla xəbər verir ki, layihənin baş podratçısı “China Harbour Engineering Company Ltd.” şirkətidir. Hazırda layihənin icrası üçün zəruri olan ilkin geodeziya tədqiqatları uğurla başa çatdırılıb.
Planlara əsasən, əsas dibdərinləşdirmə işlərinə cari ilin iyul ayının ikinci yarısında başlanılması və layihənin bu ilin sonunadək tam yekunlaşdırılması nəzərdə tutulur. İşlərin yekununda liman akvatoriyasında gəmilərin keçid suya oturumu 6-7 metrə çatdırılacaq ki, bu da dəniz nəqliyyat vasitələrinin limana tam yüklə daxil olmasına və yük aşırılması səmərəliliyinin artırılmasına imkan verəcək.
Qeyd olunan infrastruktur layihəsi Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun potensialının artırılmasına mühüm töhfə verəcək. Belə ki, 2028-ci ilədək bu marşrutun daşıma gücünün 6 milyon tondan 10 milyon tona çatdırılması planlaşdırılır.
Məlumata görə, Orta Dəhlizə qlobal maraq sürətlə artmaqdadır. Artıq 2026-cı ilin ilk beş ayının göstəricilərinə əsasən, Çin – Avropa istiqamətində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə konteyner daşımalarının həcmində 30 faiz artım qeydə alınıb.








